Ümumdünya Su Günü Oğuzda qeyd edildi

Bugün BMT-nin İnkişaf Proqramı (BMTİP) və Fövqəladə Hallar Nazirliyinin “Böyük Qafqaz Regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” adlı birgə layihəsi çərçivəsində BMT-nin və aidiyyəti dövlət qurumlarının yüksək rütbəli nümayəndələrin iştirakı ilə  13 mart 2015-ci il tarixində Oğuz şəhərində “Su və dayanıqlı inkişaf” mövzusunda konfrans keçirildi.

Tədbiri açıq elan edən BMTİP-in Strateji Əməkdaşlıq üzrə Müşaviri Məzahir Əfəndiyev təmsil etdiyi təşkilatın Azərbaycanda su ehtiyatlarının mühafizəsi, su və daşqınların idarəedilməsi mexanizmlərinin işlənib hazırlanmasına boyük rola malik olduğunu vurğuladı.

Su və Dayanıqlı İnkişaf mövzularını əhatə edən konfransın Ümumdünya Su Günü ərəfəsində keçirilməsini yüksək qiymətləndirən BMT-nin Rezident Əlaqələndiricisi və BMTİP-in Rezident Nümayəndəsi Antonius Brukun su ehtiyatlarının qorunması və səmərəli istifadəsinin BMT-nin gələcək Post-2015 İnkişaf Gündəliyində əsas məqsədlərdən biri olacağını bildirdi.

Azərbaycanda içməli su ehtiyatlarının səmərəli istifadəsinin vacibliyini qeyd edən Dövlət Su Ehtiyatları Agentliyinin rəisi Baba Azakov Hökumətin bu məsələni dərk etdiyini və lazımi tədbirlərin bundan sonra da görüləcəyini vurğuladı. İştirakçıları salamlayan Oğuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Qurbanov bu məsələnin gündəmdə qalmasını və İcra orqanı kimi istənilən köməyin göstəriləcəyini dedi.

Konfrans daha sonra layihəyə cəlb edilmiş ekspertlərin təqdimatı və müzakirələrlə davam etdirildi. Tədbirdə “Sel və Daşqınların İdarə edilməsi” layihəsinin heyəti, əsas tərəfdaş təşkilatların nümayəndələri, beynəlxalq və yerli ekspertlər, rayon İcra Hakimiyyəti nümayəndələri, qeyri- hökumət təşkilatlarının nümayəndələri iştirak etdi. İştirakçılar, həmçinin,Ümumdünya Su Gününün cari mövzusu, beynəlxalq ictimaiyyətin BMT-nin yeni Post-2015 inkişaf gündəliyində suyun rolunu anlaması haqqında məlumatlar əldə etdi.

Xatırladaq ki, Ümumdünya Su Günü içməli su ehtiyatlarının əhəmiyyətinə diqqəti cəlb etmək və bu ehtiyatların dayanıqlı idarəedilməsini təbliğ etmək üçün hər ilin mart ayının 22-də keçirilir.